Xəbərlər
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
“Müstəqil Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı, siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkəmiz istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Bunun nəticəsidir ki, inkişaf etmiş dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olub.
“Ölkə Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada da Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Çin hökuməti də öz növbəsində Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Aprel ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “ Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirakı isə Azərbaycan Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dollarlıq sənədlərin imzalanması ilə yadda qaldı.
Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla bu ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsində müsbət dinamika müşahidə olunur.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildir ki, səmimi dostluq, etibarlı tərəfdaşlıq əməkdaşlıq əlaqələri movcuddur. Bu illər ərzində iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibəti ilə YAP-ın nümayəndə heyəti sentyabrın 11-də Çin Xalq Respublikasına səfər etdi. İşgüzar səfər çərçivəsində keçirilən görüşlər, konfranslar Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasının daha bir təsdiqi oldu.
Dünyada inkişaf etməkdə olan ölkələrin əməkdaşlığa can atdığı Çin Xalq Respublikası ilə sürətlə inkişaf edən ölkəmizin əməkdaşlığı, dostluq əlaqələri gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcək”-deyə, N.Həmzəyev qeyd edib.