Xəbərlər
Ramin Məmmədov: YAP ICAPP çərçivəsində aktiv fəaliyyət göstərir və belə bir böyük platformada ölkəmizi layiqincə təmsil edir
“Azərbaycanda mövcud olan demokratik mühit, siyasi plüralizm, siyasi partiyaların geniş fəaliyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətlər beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırır. Bu mənada, Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq ölkəmizin inkişafında yaxından iştirak etməsi, Azərbaycanın uğurlarını həm ölkə ictimaiyyətinə çatdırmaq və dünyada təqdim etmək baxımından xüsusi rolu var. Partiyamız Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) çərçəvəsində də aktiv fəaliyyət göstərməklə belə bir böyük platformada ölkəmizi layiqincə təmsil edir”. Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, ICAPP Gənclər Qolunun həmsədri Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, YAP geniş beynəlxalq əlaqələrə malikdir. Onun sözlərinə görə, partiyamız Asiya ölkələrinin 350-dən çox siyasi partiyalarını özündə birləşdirən təşkilatın fəal üzvüdür. Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilməsi bunun nümunəsidir.
“10 ildir ki, YAP ICAPP-ın fəaliyyətində fəal iştirak edir. Partiyamız ICAPP-ın alt qurumlarında təmsilçiliyini artırır, bütövlükdə təşkilatın işini daha da gücləndirmək üçün müxtəlif addımlar atır. Sentyabrın 7-də keçirilən toplantılar da çox əhəmiyyətli məsələlərin müzakirəsinə həsr olunmuşdu. Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi bütün dünyada olduğu kimi Asiya ölkələrində də aktualdır. Həmçinin, Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə qədər olan hədəflərinə çatmaq da vacib məsələlərdən biridir. Ona görə də, Asiya ölkələrində siyasi partiyalar vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün təkliflər hazırlanır”-deyə, R.Məmmədov vurğulayıb.
R.Məmmədov onu da qeyd edib ki, YAP ICAPP-ın Gənclər Qolunun daha yaxşı qurulması üçün təkliflər paketi ilə təşkilatın Baş Katibliyinə müraciət etmişdi. Bu təkliflərdə Gənclər Qolunun daha geniş coğrafiyada əhatə olunması, fəaliyyətində yeni prinsiplərdən istifadə edilməsi, eyni zamanda təmçiliyin də genişləndirilməsi nəzərdə tutulurdu. Həmin təkliflər İCAPP-ın Daimi Komitəsinin iclasında təsdiqlənmişdi. Təkliflərdən bəziləri artıq təşkilatın Bakı toplantısında qəbul olundu. Belə ki, bundan sonra ICAPP-ın Gənclər Qolunun fəaliyyətində həmsədrlik təsis olundu. Quruma ayrı-ayrı ölkələrdən olan həmsədrlər iki il müddətində rəhbərlik edəcək. Bakı toplantısında Malayziyanın nümayəndəsi və mən həmsədr seçildim. Mənə göstərilən etimada görə təşəkkür edirəm və bu etimadı laqyiqincə doğrultmağa çalışacam. Hesab edirəm ki, bu fakt Yeni Azərbaycan Partiyasının beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Siyasi partiyaların beynəlxalq platformalarda təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi xarici siyasətimizin tərkib hissəsidir. Bu baxımdan, YAP-ın müvafiq beynəlxalq platformalarda fəal təmsilçiliyi dövlətimizin xarici siyasətinə öz töhfəsini verir”-deyə, R.Məmmədov qeyd edib.