Gündəm
Prezident İlham Əliyev: Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir
“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir. İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir”. Bu fikirləri iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki nitqində səsləndirib.