Xəbərlər
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
“Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizdən çoxu zəbt olunub və təxminən bir milyon soydaşımız doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, respublikamızda bu qəbildən olan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
“Bütövlükdə, respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından söhbət açarkən çadır şəhərciklərinin bütünlüklə ləğv edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7 milyard manatdan çox vəsait xərclənib”-deyə, deputat qeyd edib.