Xəbərlər
Sona Əliyeva: ABŞ özünün Cənubi Qafqaz siyasətində hər zaman Azərbaycana xüsusi önəm verib
“İndiki dönəmdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdəki əlaqələr çox yüksək səviyyədədir. Azərbaycan terrorla mübarizədə həmişə ABŞ-ın yanında olduğunu bəyan edib. ABŞ da öz növbəsində Azərbaycanın beynəlxalq səviyyəli layihələrdəki aparıcı mövqeyini dəstəkləyib”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Vaşinqton eyni zamanda rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyini hər zaman yüksək qiymətləndirir. Bütün bunları nəzərə alanda görürük ki, Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır. Məhz bu baxımdan da son bir neçə gündə prezident Donald Trampın Prezident İlham Əliyevə iki təbrik məktubu ünvanlanması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini, Amerikanın Azərbaycana yüksək önəm verdiyinin aydın göstəricisidir.
Millət vəkili qeyd edib ki, Donald Trampın göndərdiyi hər iki məktub bundan sonra da iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir: “Hazırda bu əlaqələr özünün yüksək inkişaf mərhələsindədir. Bu birmənalıdır. ABŞ özünün Cənubi Qafqaz siyasətində hər zaman Azərbaycana xüsusi önəm verib. Bütün beynəlxalq əhəmiyyətli layihələrimizi dəstəklədiyini bəyan edib. ABŞ Prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malik ölkələrdəndir. Heç şübhəsiz ki, ABŞ belə bir tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur. “Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafıdır. Yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır”-deyə, deputat qeyd edib.