Xəbərlər
Məkkədə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilir
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilir.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən Zirvə toplantısı “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında təşkil olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunacaq. Həmçinin müsəlman azlıqların problemləri, islamafobiya, terrorizm və ekstremizmlə mübarizə və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, budəfəki Zirvə Toplantısı İslam Əməkdaşlıq Təşkilatının yaranmasının 50-ci ildönümünə təsadüf edir. Tədbirdən əvvəl təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində hazırlıq iclası keçirilib.
Xatırladaq ki, İƏT-in XIII Zirvə toplantısı 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabatda keçirilmiş konfransında təsis edilib və hazırda ona 57 dövlət üzvdür. Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın fəal üzvüdür.