Xəbərlər
Eldar İbrahimov: İslahatların bütün sahələri əhatə etməsi uğurlu nəticələr əldə etməyə möhkəm zəmin yaradır
“2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin təhlili göstərir ki, hər il olduğu kimi 2018-ci ildə də dövlət büdcəsi uğurla icra edilərək həm proqnoza görə, həm də 2017-ci ilə nisbətən artım əldə edilmişdir. Bu da onu göstərir ki, Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar, habelə əvvəlki illərdə ölkə iqtisadiyyatına yönəldilən sərmayə öz töhfəsini verməkdədir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin bu gün keçiirlən iclasında çıxışı zamanı deyib.
E.İbrahimov bildirib ki, bu xüsusilə iqtisadiyyatın qeyri- neft sektorunda özünü daha açıq göstərir. Belə ki, qeyri-neft sektorunun prioritet sahəsi olan kənd təsərrüfatına keçən il 742 milyon manat büdcə vəsaitinin yönəldilməsi bu sahədə ümumi daxili məhsulun 4,6 faiz artımını və onun xüsusi çəkisinin 5,3 faizə çatmasını təmin etmişdir. Ümumilikdə isə qeyri-neft sektoruna ayrılan investisiyanın 2017-ci ilə nisbətən 23 faiz artması dövlətimizin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı və əsaslı tədbirlər gördüyünü bir daha sübut edir.
“Büdcə gəlirlərinin istər Vergilər Nazirliyi, istərsə də Gömrük komitəsi tərəfindən yüksək səviyyədə icra edilməsi bu sahələrdə son illər aparılan uğurlu islahatların nəticəsidir. Bu da onu göstərir ki, islahatlar vaxtında aparılır və ölkə həyatının bütün sahələrini əhatə etməsi uğurlu nəticələr əldə etməyə möhkəm zəmin yaradır. Fərəhli haldır ki, dövlət başçısının apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır və bu keçən ilin büdcəsinin icrasında da öz təsdiqini tapmışdır. 2018-ci ildə sosialyönlü xərclərə 2017-ci ilə nisbətən 7,6 faiz çox büdcə vəsaitinin xərclənməsi bunu sübut edir”-deyə, komitə sədri qeyd edib.