Xəbərlər
Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib
Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda nitq söylədilər.
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, biznes forumun iştirakçıları.
Cənab Prezident, Sizi bir daha salamlayıram. Biz Sizinlə səhərdən bir yerdəyik. Bu gün Sizin Azərbaycana rəsmi səfəriniz çərçivəsində geniş fikir mübadiləsi aparılmışdır, müxtəlif mövzular ətrafında danışılmışdır və artıq demək olar ki, səfər çox uğurludur. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin gələcək inkişafına çox böyük təkan verəcəkdir.
Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Mən Polşaya öz səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də görüşürük, danışırıq və bu görüşlər ikitərəfli əlaqələrimizə çox böyük fayda verir. Bu gün isə biznes forum çərçivəsində Polşa-Azərbaycan biznes dairələrinin nümayəndələri bir araya gəliblər və bu da təbiidir. Çünki bizim yüksək səviyyədə siyasi əlaqələr imkan verir ki, biznes dairələri də bir-biri ilə sıx təmasda olsunlar.
Bilirəm ki, forum çərçivəsində bir neçə saziş imzalanacaq. Bu, onu göstərir ki, forumun real nəticələri olacaqdır. Amma gələcəkdə əlbəttə ki, bu sazişlərin sayı daha da çox ola bilər. Çünki qarşılıqlı maraq kifayət qədər böyükdür. Sadəcə olaraq, biznes dairələri bir-birini yaxından tanımalıdırlar və biznes imkanlarını araşdırmalıdırlar. Hesab edirəm ki, Prezident Dudanın səfəri bu baxımdan çox əhəmiyyətlidir. Çünki bəzi hallarda məlumat qıtlığı imkan vermir ki, biznes dairələri bir-biri ilə sıx əlaqə qura bilsinlər.
Biz çox maraqlıyıq ki, ticarət dövriyyəsi artsın. Bu gün bu barədə kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. İxrac-idxal əməliyyatlarının artırılması üçün konkret addımlar atılır. Keçən il Polşada Azərbaycanın Ticarət Evi açılmışdır. Hesab edirəm ki, bu, önəmli addımdır və Azərbaycanda istehsal olunan məhsullar bu Ticarət Evi vasitəsilə təqdim ediləcək. Biz sərmayə qoyuluşu ilə bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, burada da imkanlar var, sadəcə olaraq, biz öz səylərimizi düzgün istiqamətə yönəltməliyik ki, sərmayə qoyuluşu sahəsində səmərə əldə olunsun.
Mən hesab edirəm ki, biznes dairələri üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır. Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür.
Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə imkanlarımızı genişləndirək. Xarici dövlət borcu aşağı səviyyədədir, biz çalışırıq ki, daha da aşağı səviyyəyə endirək. Hazırda bu, ümumi daxili məhsulun 19 faizini təşkil edir. Biz beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət qiymət verirlər.
Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır.
Azərbaycanda nəqliyyat sektorunun inkişafı son illərdə prioritet məsələ kimi qalır və bu gün biz bu barədə fikir mübadiləsi apardıq. Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz.
Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti nəticəsində bu sahəyə də diqqət göstəriləcək.
Biz bu gün kənd təsərrüfatı sahəsində artıq nəticə hasil etmişik və saziş imzalanmışdır. Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bizim ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bu sahədə sürətli əməkdaşlıq aparmaq üçün yaxşı imkanlara malikik.
Son illərdə Azərbaycanda turizmin inkişafı geniş vüsət alıb. Polşa vətəndaşları sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, qarşılıqlı təqdimatlar keçirilməlidir. Yəni, insanlarımız bir-birilərini daha yaxından tanımalıdır ki, turizm daha da sürətlə inkişaf etsin və qarşılıqlı səfərlər həyata keçirilsin.
Beləliklə, yüksək səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində də yaxşı nəticələr olsun. Hazırda aramızdakı ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələri daha fəal olmalıdırlar, biz isə öz tərəfimizdən onlara hər zaman dəstək veririk. Prezident cənab Andjey Duda ilə bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin növbəti təzahürüdür.
Mən Polşa və Azərbaycan iş adamlarına yeni uğurlar arzulayıram. Arzu edirəm ki, sizin aranızdakı əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxarsın. Sağ olun.
- Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Hörmətli Polşa və Azərbaycan biznes nümayəndələri.
Hörmətli sahibkarlar.
Cənab Prezident, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Azərbaycanın bu sahədəki qurumlarına təşəkkürümüzü bildiririk ki, onlar bu biznes forumu bizim üçün təşkil etdilər, tikinti sahəsində və digər sahələrdə çalışan Azərbaycan və Polşa şirkətlərini bir araya gətirdilər.
Son illər ərzində, ümumiyyətlə, bizim münasibətlərimiz çox intensivləşmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal üzvüyük. Qeyd etmək istəyirik ki, biz məhz Azərbaycan ilə Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq sazişinin imzalanmasında olduqca maraqlıyıq.
Bu gün Polşa ilə Azərbaycan arasında bir sıra razılaşmalar imzalandı. Bu da əslində bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir. Biz Polşa tərəfi olaraq uzun müddətdir Avropa İttifaqının üzvüyük və bu mövqedən çıxış edərək istərdik ki, Avropa İttifaqı öz əməkdaşlıq qapılarını daha geniş açsın və yalnız müttəfiqlər haqqında düşünməsin, həmçinin digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirsin. Biz çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq edir. Bununla biz, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı da inkişaf etdirmiş oluruq.
Bu gün iqtisadi təşəbbüslərə gəldikdə, ölkələrimiz arasında olan gündəlik göstərir ki, xalqlarımızın rifahına xidmət edən bir çox layihələr var. Bu sırada nəqliyyat sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri yaradılmışdır. Son illər ərzində Polşa xüsusən də dəniz limanlarına və dəmir yol xətlərinə malik olan dövlətlərlə öz əlaqələrini inkişaf etdirib. Bu baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun yaradılmasına da diqqət yetirilir. İstərdik ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları vasitəsilə bu sahədəki mübadilələri daha da artıraq. Biz ölkəmizdə bunu yaradırıq. Ölkəmizin coğrafi mövqeyindən istifadə edərək, biz yaxşı anlayırıq ki, bununla bağlı bir sıra üstünlüklər var və bu üstünlüklərdən istifadə olunmalıdır. Xüsusən də Şimal ilə Cənub, Qərb ilə Şərq, Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları artmalıdır. Qeyd etmək istəyirəm ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır. Biz, həmçinin istərdik ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi daha da genişləndirək.
Azərbaycan bu gün geniş imkanlara malik olan ölkədir və bilirik ki, böyük layihələr həyata keçirməkdədir. Azərbaycan, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur. Bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaqdır. Bu baxımdan istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri daha geniş şəkildə çalışsınlar və məhsulların ixrac-idxalı ilə məşğul olsunlar.
Qeyd etmək istəyirəm ki, biz son illər ərzində ticarət dövriyyəsində 600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin bizim ümumi daxili məhsulumuzun artımından xəbər verir. İstərdik ki, ölkələrimiz arasında ticarət mübadilələri daha da artsın. Təbii ki, bizim ötən il ərzində geniş şəkildə artan ticarət dövriyyəsi buna yaxşı misaldır. Çünki həm Azərbaycan məhsulları Polşada, həm də Polşa məhsulları Azərbaycanda təşviq olunur.
Cənab Prezident, hörmətli iştirakçılar, ümid edirəm ki, bu gün hər iki ölkənin biznes qurumları arasında imzalanacaq sazişlər bizim təmaslarımızı daha da gücləndirəcək və yaxın gələcəkdə ticarət dövriyyəmizi artıracaq. Təbii ki, iqtisadi və ticari münasibətlərimizin genişləndirilməsi baxımından, həmçinin istərdik ki, bizim xarici ticarət üzrə qurumumuz Bakıda daha geniş şəkildə fəaliyyət göstərsin və sizin də müvafiq strukturlarınız bizə qoşulsun.
Cənab Prezident, keçirdiyimiz görüşlərə, aparılmış məhsuldar fikir mübadiləsinə görə Sizə təşəkkürümü bildirirəm. İstərdim ki, ölkələrimiz bu iqtisadi faydalardan yararlansın və bundan sonra da biz Azərbaycanın və Polşanın maraqlarına xidmət edən layihələri birgə həyata keçirək. Mən Sizə işlərinizdə uğurlar arzulayıram.
X X X
Biznes forum işini təqdimatlar və iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirdi.