Xəbərlər
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Mayın 31-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.
Mən Sizin ölkənizə öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq.
Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin.
Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər.
Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq.
Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.
Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər.
Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.
Cənab Prezidentlə təkbətək görüşümdə mən, eyni zamanda, regional vəziyyətlə bağlı öz fikrimi bildirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir.
Bir sözlə, səfərin uğurlu keçməsi artıq reallıqdır. Əminəm ki, səfərin ikinci hissəsində də əldə ediləcək razılaşmalar bizim ümumi ikitərəfli əməkdaşlığımıza çox böyük təkan verəcək, bu əməkdaşlıq inkişaf edəcək və biz bunu istəyirik. Səfərin uğurlu keçməsi artıq onu göstərir ki, hər iki tərəfdən çox güclü siyasi iradə var.
Bir daha cənab Prezident, xoş gəlmisiniz və Sizə xoş səfər arzulayıram. Sağ olun.
- Zati aliləri, cənab Prezident.
Xanımlar və cənablar.
Əvvəlcə mən, cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Siz iki il öncə ölkəmizə səfər etdiniz. Həmin vaxtdan etibarən bizim ikitərəfli münasibətlərimiz daha da inkişaf etdi və bu, əslində Sizinlə mənim aramda olan şəxsi münasibətlərin də başlanğıcı oldu. Cənab Prezident, məni Azərbaycana, Bakıya dəvət etdiyinizə görə çox minnətdaram. Mən bu dəvəti məmnunluqla qəbul etdim və bu səfər artıq baş tutur. Cənab Prezident, Sizinlə görüşmək mənim üçün şərəf oldu. On il öncə - hətta həmin vaxtdan da uzun müddətdə Polşanın keçmiş Prezidenti Lex Kaçinski Sizinlə görüşdü. O vaxt o, Sizi özünün yaxın dostu adlandırdı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz inanılmaz dərəcədə gücləndi, Polşa ilə Azərbaycan arasındakı münasibətlər daha güclü şəkildə inkişaf etdi. Cənab Prezident, mən Sizin bu münasibətinizi yüksək dəyərləndirirəm.
Bu gün isə mənim səfərim həyata keçirilir. Biz bu gün əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirdik və Prezident Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtı aradan qaldıra bildik. Cənab Prezident, biz daha çox səfərlər, təmaslar mübadilə etdik. Bu gün biz razılaşmalara imza atdıq. Biz artıq əməkdaşlığımızın yeni erasına başlayırıq. Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq.
Cənab Prezident, bu, mənim cavab səfərimdir. Hesab edirəm, cənab Prezident, Sizin səfəriniz və mənim səfərim ölkələrimizə iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni üfüqlər açacaqdır. Biznes forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm, cənab Prezident. Biz bu gün həmin tədbirdə iştirak edəcəyik. Həmin tədbir çərçivəsində azərbaycanlı sahibkarlar polşalı sahibkarlarla görüşəcəklər. Bu da yeni təmasların qurulmasına imkan yaradacaq və nəticədə daha çox müqavilələr imzalanacaq. Bu isə bizim qarşılıqlı iqtisadi mübadilələrimizi artıracaq.
Hörmətli cənab Prezident, hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq.
Cənab Prezident, biz bu gün enerji sektoru haqqında danışdıq. Biz, həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada, həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu. Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq.
Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər.
Həmçinin biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək.
Sonuncu vacib bir məqamı, cənab Prezident, bildirmək istəyirəm ki, biz polşalılar tarixən Azərbaycanda olmuşuq. Uzun illər ərzində, - mən bunu xüsusi qeyd etmək istəyirəm, - demək olar ki, yüz ildən də çox əvvəl Polşa memarları Azərbaycanda yaşayıblar, yaradıblar. Bir çox polyaklar, Polşanın ziyalı dairələrinin təmsilçiləri də burada olublar. Burada mən Polşa memarlarını xüsusi qeyd etmək istəyirəm. Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir.
Cənab Prezident, buna görə mən Sizə təşəkkürümü bildirirəm ki, bu gün biz, həmçinin Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək.
Hörmətli cənab Prezident, demək istəyirəm ki, bu binaları seyr edərkən bizim qəlbimizdə nostalji fikirlər yaranır. Çünki İkinci Dünya müharibəsi zamanı alman faşistləri bizim şəhərlərimizin tarixi abidələrini dağıtmışdılar. Biz həmin mirası yenidən bərpa etməkdə müəyyən çətinliklərlə üzləşdik. Lakin Bakıda bu abidələr çox yüksək səviyyədə qorunub saxlanmışdır. Mən bunu bu gün böyük fərəh hissi ilə qeyd edirəm. Bu gün Bakıda – Azərbaycanın paytaxtında olarkən, qeyd edirəm ki, Sizin çox qiymətli tarixi mirasınız var. Bu mirasın yaradılmasında Polşa memarları da iştirak ediblər.
Cənab Prezident, Sizə bir daha təşəkkürümü bildirirəm.
x x x
Sonra Azərbaycan və Polşa prezidentləri ölkələrimizin mədəni və tarixi irsini əks etdirən poçt markalarını qarşılıqlı olaraq təqdim ediblər.