YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycanda həyata keçirilən siyasət ölkəmizdə həm sabitliyi, həm də inkişafı təmin edir

“28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı mövcud beynəlxalq münasibətləri təsvir edərkən ilk növbədə artan risklərə diqqət çəkdi”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Prezident İlham Əliyev bu şərtlər fonunda mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın inkişaf tendensiyalarını önə çəkib: “Bir daha aydın oldu ki, hazırkı mürəkkəb tarixi mərhələdə də mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda həyata keçirilən siyasət doğrudur. Bu, Azərbaycanda həm sabitliyi, həm də inkişafı təmin edir. Düşünürəm ki, bu, çox mühüm bir mesajdır və əslində regional və beynəlxalq reallıqların ifadəsi idi. Milli maraqlarımız və dövlətçiliyimiz baxımından, gələcək perspektivdə inkişafımızla bağlı yeni əsaslar yaranır”.

Millət vəkili qeyd edib ki, dövlət başçısı çıxışında hazırda qlobal informasiya məkanında mövcud olan informasiya müharibələrinə diqqət çəkib. Bu da “yumşaq güc” vasitəsilə aparılan müharibələr içərisində informasiya müharibəsinin hazırkı vəziyyətdə təsviri və təsbiti idi.

“Cənab Prezident qeyd etdi ki, Azərbaycan informasiya müharibəsinə cəlb edilib. Bu, doğrudan da hazırda qlobal müstəvidə beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar arasında gedən müharibədir. Şübhəsiz ki, milli maraqlar hazırkı mərhələdə hər nə qədər “qaba güc” adlandırdığımız hərbi, iqtisadi və digər güc vasitələri ilə qorunursa, bir o qədər də "yumşaq güc" vasitələri ilə qorunur. Azərbaycanın milli informasiya məkanı bu mənada bir daha öz fəaliyyətində cazibə mərkəzi kimi dövlətçilik maraqlarını müəyyənləşdirməklə, informasiya müharibəsində də milli maraqlarımızı qorumalıdır. Düşünürəm ki, bu, həm ölkə daxilindəki informasiya resurslarının daşıyıcıları olan ictimai fəal fərdlərimizə verilən bir istiqamət, eyni zamanda bir çağırış idi. Bu, doğru qiymətləndirilməlidir. Azərbaycanın ictimai fəal fərdləri, informasiya resursları daim bu çağırışı öz fəaliyyətinin baş istiqaməti kimi müəyyənləşdirməklə, bütün imkanları milli maraqlarımız ətrafında səfərbər etməlidir”-deyə, H.Babaoğlu vurğulayıb.