Xəbərlər
Vüqar Rəhimzadə: Heç bir qüvvə müstəqil Azərbaycanın iradəsinə, uğurlu siyasətinə mənfi təsir edə bilməz
“Müstəqil Azərbaycan zəngin və şərəfli dövlətçilik ənənələrinə malikdir. Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə qurulması bu reallığı bir daha təsdiq edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və cəmi 23 ay ömür sürdü. Bu qısa zaman kəsiyinə baxmayaraq, Cümhuriyyətimiz dünya tarixində özünəməxsus izlər qoydu. Bu günlərdə 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən danışıb. “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər” deyən möhtərəm Prezidentimiz ümummilli liderimiz Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən söz açıb.
Bəli, 1920-ci ildə Cümhuriyyətimizin varlığına son qoyulub. Bundan sonra ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi qaldırılıb. Elə müstəqilliyin bərpasına aparan yol da bu dövrdən başlayıb. Əbəs yerə deyilmir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimiz bu gün öz inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoyub: “Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 16 ilə yaxın bir dövrdə böyük uğurlar əldə edilib, iqtisadiyyat sürətlə inkişaf edib, qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə böyük layihələr icra edilib, əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb. Bütün bunlar statistik rəqəmlərdə, real faktlarda, insanların gündəlik həyatında öz əksini tapır”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dünyanın siyasi, mədəni və idman mərkəzlərindən biri olan Azərbaycan zaman-zaman haqsız təzyiqlərə məruz qalıb və həmin çirkin siyasət bu gün də davam edir: “Təəssüf ki, Azərbaycanın uğurları hansısa dairələri qıcıqlandırır və bəlli “qüvvələr”, erməni və ermənipərəstlərin əlində alət olanlar fürsət düşdükcə ölkəmiz haqqında yalan, böhtan xarakterli məlumatlar yayırlar, bununla da mənfi rəy formalaşdırmağa cəhd edirlər. Ancaq müasir Azərbaycanın dünya ictimaiyyətində formalaşdırdığı və reallığı əks etdirən imici isə kifayət qədər müsbətdir. Hesab edirəm ki, bu cür qərəzli dairələrə, ünsürlərə qarşı qətiyyətlə mübarizə aparmalı, müstəqil dövlətimizi qorumalıyıq. Bununla sübut etməliyik ki, heç bir qüvvə müstəqil Azərbaycanın iradəsinə, uğurlu siyasətinə mənfi təsir edə bilməz. Hər birimiz bu ölkənin vətəndaşı olaraq “Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq” deyən möhtərəm Prezidentimizin uğurlu siyasətinə dəstək olmalı, bu müqqəddəs amal uğrunda daha sıx birləşməliyik”.