YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev İtaliya mətbuatına: Futbol siyasiləşdirilməməlidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibəsində Avropa Liqasının Bakıda keçiriləcək final oyununa “Arsenal” komandasının futbolçusu Henrik Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Şöbə müdiri deyib ki, gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır: “Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitaryan da daxil olmaqla, Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir. Futbol, ümumiyyətlə, idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda, biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba - “Arsenal” və “Çelsi”yə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”.

Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini deyən Hikmət Hacıyev əlavə edib: “Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyətlə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.

Müsahibə Il Sole 24 Ore, Libero Quotidiano, Il Tempo, Affari Italiani, Il Fogliettone, Quotidiano, Corriere di Siena, Corriere di Rieti, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere dell’Umbira, Unione Sarda, Virgilio, Yahoo Notizie kimi mətbuat orqanlarında dərc edilib.