Xəbərlər
Sahibə Qafarova: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir
“Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu, həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Bu gün özünü demokratiyanın keşikçisi kimi görən xalqların əksəriyyətinin demokratik prinsiplərlə tanışlığı çox-çox sonralar baş verib”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın bayrağıdır.
“Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli Liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edib. Bəli, bu gün böyük qürurla deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Artıq 28 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü faktora çevrilib, bütün dünyada etibarlı ölkə kimi tanınır. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır”-deyə, S.Qafarova vurğulayıb.