YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Madriddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Mayın 10-da Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək, məhz Ulu Öndərin müdrik siyasəti və səyləri nəticəsində Azərbaycanın regionun lider ölkəsinə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini qeyd edib.

Bildirilib ki, Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyəti dövründə ölkəmizdə iqtisadiyyat, sənaye, elm, mədəniyyət və digər sahələrdə mühüm irəliləyişlərə nail olunub, Azərbaycan Sovet İttifaqı dövründə öncül ölkələrdən birinə çevrilib, müasir dövrdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə Ümummilli Lider tərəfindən təməli qoyulmuş bünövrənin məntiqi nəticəsi olub.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşmiş, məhz həmin dövrdə Ermənistanın azərbaycanlılara qarşı artıq XX əsrin əvvəllərindən başlamış etnik təmizləmə siyasəti 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20 faiz işğalı və 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnmişdir. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmış, onun uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq, 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilib.

Xüsusi olaraq vurğulanıb ki, məhz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynamaqdadır.

Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın qısa müddətdə regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrildiyi, bunun isə öz növbəsində insan hüquqları və əsas azadlıqları sahəsində də ölkənin mühüm nailiyyətlər əldə etməsinə münbit şərait yaratdığı, Azərbaycanın 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvü olması ilə nəticələndiyi qeyd olunub.

Səfir vurğulayıb ki, ulu öndə Heydər Əliyevin əvəzsiz xidmətləri Azərbaycan xalqı tərəfindən əbədiləşdirilərək, hər bir azərbaycanlının qəlbinə Ümummilli Lider olaraq əbədi həkk olunub. Məhz bu səbəbdən 15 iyun tarixi ölkədə Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə bütün sahələrdə hərtərəfli inkişafa nail olunub, beynəlxalq arenada ölkəmizin mövqeyi gündən-günə möhkəmlənməkdədir.

Daha sonra Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay çıxış edərək Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə nailiyyətlərinin Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əldə edildiyini, Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında öz layiqli yerini tutduğunu bildirib. Qeyd olunub ki, məhz Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı hazırda da Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər möhkəm və sarsılmaz olduğunu göstərir. C.Erginay Heydər Əliyevin siyasi xəttinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bu gün daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film və foto kompozisiya nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv