Xəbərlər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Səudiyyə Ərəbistanında da anılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən bu ölkədə yaşayan həmvətənlərimizin, habelə Türkiyə diasporunun və səudiyyəli qonaqların iştirakı ilə tədbir keçirilib.
Səfir Şahin Abdullayev çıxış edərək xalqımızın və dövlətimizin xilaskarı olan Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb, dahi rəhbərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq və dövlət üçün yorulmadan fəaliyyət göstərdiyini, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ş.Abdullayev Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin bütün sahələrinin inkişaf etdiyini və Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirildiyini qeyd edərək, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqını, dövlətini zamanın ağır sınaqlarından çıxardığını, daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olduğunu, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyini vurğulayıb.
Diplomat, Ulu Öndərin uzaqgörən siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurduğunu, inkişafın Azərbaycan modelini yaratdığını, son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini Azərbaycanın daha möhtəşəm nailiyyətlərə imza atmasını şərtləndirdiyini bildirib. O, bu gün ölkəmizin iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi ilə hər bir azərbaycanlının fəxr etməli olduğunu həmvətənlərimizin diqqətinə çatdırıb.
Tədbir Ümummilli Liderin anadan olmasının ildönümü münasibətilə təşkil olunmuş ziyafətlə davam edib.
Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə səfir Şahin Abdullayevin Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzetinin 10 may tarixli nömrəsində “Heydər Əliyev... Beynəlxalq aləmdə aparıcı yer tutan Azərbaycanın qurucusu” və geniş izləyici kütləsinə sahib olan “Al-Mowaten” elektron portalında “Heydər Əliyev... Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini canlandıran lider” başlıqlı məqalələri dərc olunub.
Məqalələrdə Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən söz açılıb, onun Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin əsasını qoyduğu qeyd olunub. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişaf dinamikası haqqında oxuculara geniş məlumat verilib, son illərdə iqtisadiyyat, ticarət, turizm və enerji sahələrində əməkdaşlığın sürətlə inkişaf etdiyi, ölkələrimiz arasında qarşılıqlı səfərlərin artdığı və iki ölkə arasında bir çox sazişlərin imzalandığı vurğulanıb.