Xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
İslamabadda yerləşən Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib, buradakı Heydər Əliyev guşəsi yenilənərək istifadəyə verilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilib. Mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, eləcə də milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud, həmçinin Pakistanın milli tarix və ədəbi irs üzrə federal katibi Əmir Həsən, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri, diplomatları, media mənsubları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Əmir Həsən Azərbaycanın və Pakistanın tarixi, mədəni dostluq münasibətlərinə malik olduğunu, hər iki ölkənin mədəniyyətinin, tarixinin, xalqlarının həyat tərzinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq pakistanlıların Azərbaycanı daha yaxşı öyrənməsi istiqamətində Mərkəzin önəmli rol oynayacağını bildirib.
Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin yaradılması üçün əlverişli şəraitə görə Pakistan hökumətinə təşəkkürlərini ifadə edən Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Mərkəzin ilk olaraq Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə, iki ölkə arasındakı əlaqələrin güclənməsinə xidmət edəcəyini diqqətə çatdırıb. Səfir Mərkəzin, həmçinin tədqiqatçıların, alimlərin, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, irsi, siyasi nailiyyətləri və sosial-iqtisadi inkişafı barədə daha dolğun və etibarlı məlumat almasına kömək edəcəyini, bununla da Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verəcəyini qeyd edib.
Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr haqqında iştirakçılara məlumat verən Əli Əlizadə Fondun Azərbaycanşünaslıq Mərkəzini kompüter, televizor, eləcə də digər müvafiq avadanlıqlarla, kitab və müxtəlif əyani materiallarla təmin etdiyini bildirib, Fond tərəfindən Azərbaycana aid dərc olunan yeni kitab və nəşrlərin müntəzəm olaraq mərkəzə göndəriləcəyini qeyd edib, davamlı dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkürünü çatdırıb.
Səfir Azərbaycan xalqının Ümummilli Liderinin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərək, Azərbaycanşünaslıq Mərkəzinin onun doğumunun 96-cı ildönümünə həsr olunduğunu, Pakistan Milli Kitabxanasında mövcud olan Heydər Əliyev guşəsinin də təmir edilərək yeniləndiyini, Ulu Öndərin adını daşıyan Fondun təqdim etdiyi yeni kitab və materiallarla təchiz edildiyini, bu guşənin də Ümummilli Liderin həyat və fəaliyyəti haqqında daha çox bilgi əldə etmək istəyən istifadəçilərə xidmət edəcəyini əlavə edib. Səfir ictimaiyyət nümayəndələrini Mərkəzin imkanlarından faydalanmağa dəvət edib.
Şəfqət Mahmud çıxışında Azərbaycan-Pakistan əlaqələrinin möhkəm təmələ söykəndiyini qeyd edərək, Mərkəzin yaradılmasını mühüm addım kimi qiymətləndirib. Nazir Azərbaycana etdiyi səfərini xatırladaraq, bu ölkənin daim tərəqqiyə imza atdığını və regionun önəmli ölkələrindən birinə çevrildiyini bildirib.
Yekunda Pakistan Milli Kitabxanasının baş direktoru Qayur Hüseyn Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasına görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna təşəkkürlərini ifadə edib.
Mərkəz Azərbaycanın ümummilli lideri və digər görkəmli şəxsiyyətlərinə dair kitablar, məlumatlar, fotoşəkillər, Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin törətdiyi fəsadlara, Azərbaycanın tarixi, elmi və mədəniyyəti, turizmi, milli irsi, siyasi quruluşu, sosial-iqtisadi inkişafına dair nəfis kitablar, bukletlər, DVD, CD disklər, xəritə, şəkillər və digər müxtəlif əyani materiallarla, eləcə də elektron avadanlıqlarla təchiz edilib.