Xəbərlər
Düsen Kaseinov: Forum bəşəriyyəti düşündürən sualların önə çəkilməsində mühüm rol oynayır
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun nəticəsi olaraq praktiki işlər görülür. Onlardan ən vacibi bəşəriyyəti düşündürən sualların önə çəkilməsidir. Forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirakı edir. Biz adətən onlarla görüşərkən əlaqələr yaradırıq, söhbətlər edirik, sonradan gəldiyimiz nəticələri həyata keçiririk.
Bu fikirləri Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) rəhbəri Düsen Kaseinov deyib.
Forumun əhəmiyyətindən danışan Düsen Kaseinov qeyd edib ki, tədbirdə dünyanın müxtəlif ölkələrində, həmçinin türk dünyasında baş verən terror hadisələrindən də bəhs olunub.
Rəhbərlik etdiyi təşkilatla bağlı məlumat verən D.Kaseinov deyib ki, TÜRKSOY-un gənc musiqiçilərdən ibarət bir neçə kollektivi var. Onlardan biri, kamera orkestri artıq Balkan ölkələrində iki dəfə qastrol səfərində olub. Bu orkestrdə bütün türk dünyasının musiqi alətləri təmsil olunur. Başqa sözlə, türk xalqlarının bütün alətləri bir yerə toplanıb.
“Azərbaycan təşkilatımızın ən fəal üzvlərindəndir. Bizim heç bir tədbirimiz Azərbaycanın ədibləri, incəsənət xadimlərinin iştirakı olmadan keçmir. Biz 2019-cu ili “Nəsimi ili” elan etmişik. Eyni zamanda, bu ili paralel olaraq “Aşıq Veysəl ili” adlandırmışıq. Keçən ili isə “Qara Qarayev ili” kimi qeyd etdik. Yəni hər il dünya şöhrətli bir korifeyə həsr olunur. “Molla Pənah Vaqif ili”ni qeyd etdiyimiz vaxtda biz onun kitablarını 11 dildə nəşr etdik. Əcnəbilər görülən işlər nəticəsində türkdilli xalların tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə tanış olur. Nəticədə türkdilli xalaların necə böyük bir keçmişə sahib olduqlarını öyrənirlər. Türkdilli xalqlar hər birinin özünəməxsus sözləri, ifadələri var. Onlar tarix boyu qonşu ölkələrin təsirinə düşüblər. Ancaq buna baxmayaraq, ümid edirəm ki, nə vaxtsa türklər ümumi dildə danışacaqlar. Buna yalnız zaman lazımdır. 60 yaşım olmasına baxmayaraq, mən son illərdə türk dilinin oğuz ləhcəsini öyrəndim. İndi mən Qıpçaq türkü olsam da, azərbaycanlıları, özbəkləri başa düşürəm. Bu dili öyrənmək elə də çətin deyil. Düşünürəm ki, oğuz Qıpçaq dilini öyrənməklə bütün türk xalqlarının dilini mənimsəmək olar”, - deyə D.Kaseinov bildirib.