Xəbərlər
NATO-nun Hərbi Komitəsinin sədri: Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyuruq
NATO beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bunu NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib.
Alyans rəsmisi deyib: "NATO-Azərbaycan tərəfdaşlığının 25 ili ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız inkişaf etmişdir. Sizin qoşunlar 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir, 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və Əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan Qətiyyətli Dəstək Missiyasına (RSM) dəstəyini davam etdirərək, Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir, həmçinin ölkəniz NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.
Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avro-Atlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.
Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.
NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaqdır. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm".