Xəbərlər
Prezident İlham Əliyev: Bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub
Bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdırmağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı.
Bu fikirləri Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Prezident vurğulayıb ki, son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır.