Xəbərlər
Uğurlu islahatların alternativi yoxdur
Geridə qoyduğumuz il, o cümlədən cari ilin ilk rübü sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu il 30 aprel tarixində, bu dövrün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında son iqtisadi göstəriciləri məhz belə dəyərləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki : “Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.
İqtisadi və sosial sahədə aparılan siyasət və həyata keçirilən uğurlu islahatlar özünü rəqəmlərdə də biruzə veriri. Belə ki, ilin birinci rübündə ümumdaxili məhsul 3 faiz, sənaye istehsalı isə 4,4 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz yüksəlmişdir. Əhalinin gəlirləri 5,5 faiz artmış, inflyasiya isə olduqca aşağı – 2,1 faiz səviyyəsində qalmışdır. Azərbaycan iqtisadiyyatının ötən rüb ərzində ümumilikdə 2,8 milyard dollar sərmayə qoyulmuşdur ki, onun da 2 milyardı məhz qeyri-neft sektoruna yönəlmişdir. Digər müsbət məqam ondan ibarətdir ki, birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə, yəni, təxminən 200 milyon manatdan çox artmışdır. Bütün bu amillər heç şübhəsiz vətəndaşların rifah halının yüksəlməsinə şərait yaratmış, minimum əmək haqqı və pensiyalar təxminən 40 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, sosial müavinətlər isə orta hesabla iki dəfədən çox artmışdır.
Belə ki, əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Təsadüfü deyil ki, iqtisadiyyatın və sosial həyatın ən müxtəlif sahələrinin inkişafını nəzərdə tutan Strateji Yol Xəritələrinin icrası son iki il ərzində 52 faiz təşkil edir. Bu isə o deməkdir ki, gələn ilin sonunadək bu önəmli proqram tam olaraq həyata keçiriləcəkdir. ən əsası odur ki, bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.
Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır.
Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, dövlət başçısı tərəfindən imzalanmış ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi güdən dövlət proqramı uğurla icra edilmişdir. Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülmüşdür.
Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə edən sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin təşkili zamanı infrastruktur xərclərinin azaldılmasında, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və s. işlər davam etdirilmişdir.
Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların verdiyi yüksək qiymətdir. Təsadüfi deyil ki, indi ölkəmizdə iqtisadi şəffaflığın, səmərəliliyin və struktur islahatlarının yeni mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə effektiv və dinamik iqtisadiyyatın qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata keçirilməsindən ibarətdir.
Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır.
Yeniləşmənin bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edilməsindən bilavasitə asılıdır. Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən edib. Bu, qəbul edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində bir daha öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir. Dövlət başçımız xüsusi olaraq vurğulayır: “Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş "Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, diaim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu yaxın perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.
Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini