Xəbərlər
Prezident İlham Əliyev: İki ildə Strateji Yol xəritələrinin icrası 52 faiz təşkil edir
Bizim islahatlarımız davam edir. Bu gün məruzələrdə səslənən fikirlər deməyə əsas verir ki, islahatlar yaxşı nəticələr verir. Strateji Yol xəritələrinin icrası ilə bağlı məlumat verildi və iki il ərzində yol xəritələrinin icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki, bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
"Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir, icbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni, bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq", - deyə Azərbaycan Prezidenti qeyd edib.