YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya XİN-də keçirilən konfransda Azərbaycanın multikulturalizm və tolerantlıq modeli müzakirə olunub

Almaniya Xarici İşlər Nazirliyinin Villa Borsig adlı qonaq evində “Çoxmədəniyyətli cəmiyyətlərdə tolerant İslam” mövzusunda konfrans keçirilib. Tədbir Almaniya Xarici İşlər Nazirliyinin, Azərbaycanın və İndoneziyanın Berlindəki səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İslam dini və müsəlman ölkələri barədə yanlış təsəvvürlərin qarşısının alınması üçün müxtəlif dinlərə qarşı tolerant münasibət bəsləyən, yerləşdiyi regionda və beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə töhfə verən ölkələrin təcrübəsinin öyrənilməsi və bölüşülməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, Azərbaycan və İndoneziya nümunələrində multikulturalizm və dini tolerantlıq modelləri barədə geniş müzakirələr aparılıb. Azərbaycanın Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov Azərbaycan modeli barədə təqdimat edib.

Tarixən müxtəlif dinlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin əsrlərdən bəri mövcud olması, ölkəmizdə müxtəlif etnik və dini qrupların hər zaman dinc yanaşı yaşaması, dünyəvi və demokratik respublika olan Azərbaycanda din azadlığının tam olaraq təmin edilməsi və müxtəlif dini icmaların dövlət tərəfindən mühafizə edilməsi, eləcə də multikulturalizmin Azərbaycanda rəsmi dövlət siyasəti olması barədə fikirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sözügedən dəyərlərin Azərbaycanda müsəlman Şərqinin ilk demokratik dövlətinin qurulmasında, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, Azərbaycan cəmiyyətində sülh və harmoniyanın hökm sürməsində və ölkənin regionda sabitləşdirici amil olmasında oynadığı əhəmiyyətli rol təhlil edilib.

Həmçinin dünyada dini ekstremizm və dini-ideoloji münaqişələrlə mübarizənin aparılması üçün tolerantlıq və multikultural mühitin hökm sürdüyü ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən danışılıb. Bu xüsusda, Azərbaycanın dünya ölkələri üçün örnək olduğu vurğulanıb və ölkəmizin beynəlxalq aləmdə öz təcrübəsini bölüşmək, habelə dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə vermək üçün göstərdiyi fəaliyyət alqışlanıb.

Tədbirdə Almaniyanın və İndoneziyanın tanınmış ilahiyyatçı, tarixçi və mədəniyyətşünas alimləri, müxtəlif universitetlərin, KİV-lərin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Bundestaqın, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Azərbaycanın və İndoneziyanın Almaniyadakı səfirliklərinin əməkdaşları iştirak ediblər.