Xəbərlər
Marek Qrobarçik: Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov bu ölkənin dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Marek Qrobarçik Polşa limanlarının fəaliyyəti haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələsi haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin nazir Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə Qdansk Dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd edib.
Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında tranzit və intermodal daşıma məsələləri haqqında müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Marek Qrobarçiki Azərbaycana səfərə dəvət edib.