Xəbərlər
Azərbaycan ilə Çin arasında texniki yardım sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Aprelin 17-də Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında texniki yardım (qrant) sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.
Sazişi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıblar.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişafından danışıb. O deyib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı müzakirələr aparılır. Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan da “Vahid Çin” siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu layihənin həyata keçirilməsində yaxından iştirak edir.
Səfir Vey Cinhua deyib ki, Çin ilə Azərbaycan yaxşı dost və yaxın tərəfdaşdır. Diplomat 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfərini xatırladıb, bu səfər çərçivəsində hər iki ölkənin liderləri tərəfindən əməkdaşlıqla bağlı imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan və Çin rəhbərlərinin dəstəyi ilə ölkələrimiz arasındaki siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir.