YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cenevrədə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi aprelin 9-da BMT-nin Cenevrə bölməsinin qərargahında BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Daimi nümayəndəlikdən bildirilib ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena açılış nitqləri edəcəklər.

İki sessiyadan ibarət olacaq konfransın birinci sessiyası münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivənin müzakirəsinə həsr ediləcək. İkinci sessiyada isə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərindən bəhs ediləcək və bu xüsusda Azərbaycanın üzləşdiyi problemlər iştirakçıların diqqətinə çatdırılacaq.

Tədbirin sessiyalarında mövzu üzrə tədqiqat aparmış beynəlxalq hüquqşünasların, QHT nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin mart ayında Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda konfrans keçirilib. Həmçinin Azərkosmosun təqdim etdiyi materiallar əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri sübut edən hesabat təqdim olunub.