Xəbərlər
Rauf Əliyev: Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub
“Ölkəmizdə həyata keçirilən sosial - iqtisadi siyasətin əsas uğurlarından biri olaraq dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu göstəriciyə görə də qabaqcıl ölkələrdən biridir. Onun fikrincə, Azərbaycan əhalisinin sayının sürətlə artması Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsində baş verib.
“Dünyanın bir çox ölkələrində demoqrafik vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur . Azərbaycanda isə əhalinin sayı dinamik templə artır. Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına şərait yaradır”-deyə, R.Əliyev vurğulayıb.