YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində inşa edilən məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışda iştirak edib

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı sərəncama əsasən çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Qeyd olunub ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, buradakı mənzillərdən 72-i birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.

Sonra Prezident İlham Əliyev uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.

Sonra Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşdü.

Yeni yaşayış kompleksinin açılışı münasibəti ilə məcburi köçkünləri təbrik edən dövlətimizin başçısı bildirdi ki, burada yaşayış üçün ən yüksək standartlar yaradılıb. “Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlətimizin başçısı dedi ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. “Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.

Şuşa şəhərindən məcburi köçkün Günəş Hüseynova, Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov və Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva dövlətimizin başçısına məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

Sonda xatirə şəkili çəkdirildi.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu işlərin davamı olaraq Prezident İlham Əliyev bu il fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.