Xəbərlər
Fuad Muradov: Azərbaycan-Gürcüstan dostluğu nümunəvidir
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda soydaşlarımızla görüşüb.
Dövlət Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti və Kaxeti bölgəsinin rəhbər şəxsləri əvvəlcə Qaraçöp kəndində 20 Yanvar və 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər
Daha sonra Komitə sədri Yormuğanlı kəndində Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Görüşdə Saqareco rayonunun icra başçısı Giorgi Erbotsonaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
F.Muradov çıxışında Azərbaycanda Aprel döyüşlərinin üçüncü ildönümünün tamam olduğunu vurğulayıb.
Sonra Aprel şəhidləri və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb. Bu cür səfərlərin mühüm əhəmiyyətini xüsusi qeyd edib.
F.Muradov bildirib ki, dövlətimiz Gürcüstan azərbaycanlılarının inteqrasiyasına dəstəyini davam etdirir. Aprelin 3-də Marneulidə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” istifadəyə verilib. Mərkəzdə hazırda 9 istiqamət üzrə kurslar keçirilir. Gələcəkdə istiqamətlərin artırılması planlaşdırılır.
Ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirən F.Muradov deyib ki, Azərbaycan-Gürcüstan dostluğu nümunəvidir.
Tədbirdə Yormuğanlı kəndinin ziyalıları təhsil, sosial, mədəniyyət və digər sahələrdə Azərbaycan icmasını narahat edən məsələləri diqqətə çatdırıblar.
Dövlət Komitəsinin sədri səsləndirilən məsələlərə münasibət bildirərək onların həlli istiqamətində müvafiq dəstəyin göstəriləcəyini qeyd edib. Bölgə rəhbərliyi də soydaşlarımızı narahat edən məsələlərə münasibət bildirib.