Xəbərlər
Nazir Nemin Cindiç: "Cənub Qaz Dəhlizi" Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini təmin edəcək
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Bosniya və Herseqovinanın enerji təhlükəsizliyini təmin edəcək.
Bunu Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın energetika, mədən hasilatı sənayesi və sənaye naziri Nemin Cindiç deyib.
N.Cindiç qeyd edib ki, ölkəsi təbii qaz istehsal etmir və öz tələbatını tamamilə idxal hesabına (yeganə tədarükçü Rusiyadır) təmin edir.
Fevralda Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasından danışan nazir bildirib ki, görüşdə əsas diqqət layihənin statusuna və onun gələcək inkişaf imkanlarına ayrılıb:
"Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı kimi maliyyə institutlarının, həmçinin bir sıra enerji şirkətlərinin nümayəndələrinin iştirakı bu tədbirə xüsusi əhəmiyyət verdi. Görüş zamanı onlar bu layihənin reallaşdırılmasında maraqlı olduqlarını bildirdilər. "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafı təbii qaz tədarükü marşrutlarının və tədarük mənbələrinin şaxələndirilməsi baxımından Bosniya və Herseqovina üçün də mühüm əhəmiyyət kəsb edir".