YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan Prezidenti atdığı hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir

“Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Bu hərtərəfli inkişaf ölkəmizin milli gücünün artmasını təmin edib. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Bu məqamda qeyd etmək yerinə düşər ki, təkcə 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və sərəncamlar imzalayıb”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən ötən il elan edilən və 2019-cu ilin əvvəlindən aktiv şəkildə icrasına başlanılan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir.

“Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bunu göstərən bariz nümunələrdən birini cari il fevralın əvvəlində Ağsuda, İsmayıllıda və Şamaxıda baş verən zəlzələlərdən sonra da əyani şəkildə izlədik. Azərbaycanın dövlət başçısı zəlzələ baş verən bölgələrə səfərlər etmək, tikinti, təmir-bərpa işlərini şəxsi nəzarətində saxlamaqla növbəti dəfə verilən sözə əməl etməyin nümunəsini göstərdi. Bunlarla yanaşı, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğına da çox həssas münasibət sərgiləyib. Dövlətimizin başçısının tapşırığına əsasən müvafiq qurumların məsul əməkdaşları ilə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlar arasında görüş keçirilib və ətraflı müzakirələr aparılıb. Martın 28-də isə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.

Prezident İlham Əliyev 28 mart 2019-cu il tarixində imzaladığı “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Sərəncamla Nazirlər Kabinetinə Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmaqla bağlı tapşırıq verilib. Bununla yanaşı, dövlət başçısı martın 29-da “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb. Şübhəsiz ki, Bakı şəhərinin Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından ziyan çəkən sahibkarlara dövlət tərəfindən operativ şəkildə dəstək göstərilməsi ölkəmizdə aparılan sosial siyasətin nəticəsidir. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı, zərər çəkmiş sahibkarlara sahib çıxdı və bir daha göstərdi ki, hər zaman öz vətəndaşının yanındadır. Beləliklə, bütün bunlar cənab İlham Əliyevin hələ 2003-cü ildə “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” fikirlərini əyani təsdiq edir. Beləliklə, Azərbaycan Prezidenti atdığı hər addımı ilə ölkə vətəndaşının yanında olduğunu sübut edir” - deyə E.İbrahimov vurğulayıb.