Xəbərlər
Prezident İlham Əliyev: Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı qeyd etmişdir ki, belə mərkəzlərin bölgələrdə açılması həm Azərbaycan xalqının Ulu Öndərə olan ehtiramının təzahürüdür, eyni zamanda, mərkəzlərdə Heydər Əliyevin keçdiyi yolla bağlı ekspozisiyalar quraşdırılır, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü işlər, müasir Azərbaycan tarixi öz əksini tapır. Bu mərkəzlərdəki sənədlər, fotomateriallar, ekspozisiyalar bizim yaxın tariximizi əks etdirir.
Azərbaycan xalqının tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Beləliklə, 1993-cü ildən bu günə qədər ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır. Hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz əldə edilmiş sabitliyin nəticəsidir.
“Biz Ulu Öndərin siyasətinə sadiqik. Azərbaycan onun qoyduğu yolla gedir və uğurla gedir. Son 20 ilin inkişafı onu göstərir ki, bu, düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Xarici siyasətimizin təməlini də Heydər Əliyev qoymuşdur. Bu siyasət müstəqillik əsasında qurulur. Bu gün bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada, beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə edirik. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.
“Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur” - deyə, bildirən Prezident İlham Əliyev vurğulamışdır.
Dövlətimizin başçısı “Bütün bunları biz özümüz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Biz Ulu Öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk.
Əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Əgər bu, olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq.
Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir. Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür” – deyə, bildirmişdir.