YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) rəsmi dəvət məktubunu və ya UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənədi, yaxud final matçına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.

Həmçinin Xarici İşlər Nazirliyinə UEFA Avropa Liqasının Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.

Bundan başqa, Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə qərarı 2017-ci il sentyabrın 20-də UEFA-nın İcraiyyə Komitəsi qəbul edib.