YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda səfərdə olublar

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var.

Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəldilər. Bu ev zəlzələ zamanı qəzalı vəziyyəti düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım evdə yaradılan şəraitlə tanış oldular, sonra ev sakinləri ilə çay süfrəsi arxasında söhbət etdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət etdilər, onları narahat edən məsələləri dinlədilər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində də yaradılan şəraitlə tanış oldular.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun mərkəzində Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, önünə gül dəstəsi qoydular.

X X X

Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlandılar.

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə görüşdülər. Dövlətimizin başçısı onların məktublarını qəbul etdi, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğuladı. Dövlətimizin başçısı sakinləri narahat edən məsələləri də dinlədi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

X X X

Dövlətimizin başçısı və birinci xanım sonra zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoydular. Məlumat verildi ki, 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada birotaqlı 4, ikiotaqlı 32 və üçotaqlı 8 mənzil olacaq.

Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğu işə salındı.

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, 100 yerlik bu müəssisədə balacalar üçün hərtərəfli şərait var. Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Tikintisi yekunlaşmış ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində respublikanın 60 şəhər və rayonunda, ümumilikdə, 13 min 625 uşaq yerlik 123 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulub və onlardan 80-i artıq istifadəyə verilib.