YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev Dövlət Dumasının deputatı Konstantin Zatulinin fikirlərinə münasibətini bildirib

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Dövlət Dumasının deputatı Konstantin Zatulinin Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə Rusiya deputatlarının iştirakı barədə fikirlərinə münasibətini bildirib.

D.Savelyevin sözlərinə görə, rusiyalı deputatlar Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş “Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bu günün inkişafı” mövzusunda ənənəvi konfransda iştirak etmək üçün Bakıya dəvət ediliblər. Ertəsi gün Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib.

D.Savelyev deyib: “Bu, rəsmi dövlət tədbiridir. Mən fəxr edirəm ki, matəm mərasimində Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə bir sırada addımlamışam. O, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi üçün maksimum səy göstərir. Biz Xocalı faciəsinin simvolu olan “Ana harayı” abidəsinin qarşısına çiçəklər qoyduq. Mərasim iştirakçıları üzərində “Xocalını unutmayın!” və “Xocalıya ədalət!” sözləri yazılmış transparantlar aparırdılar. Cənab Zatulin bu şüarlarımı ermənilər əleyhinə şüarlar hesab edir?”.

Deputat vurğulayıb: “Mən və həmkarlarım Xocalı faciəsini dəhşətli cinayət hesab edirik, axı Xocalıda həlak olmuş hər bir uşaqla Azərbaycanın gələcəyinin bir parçası məhv edilib. Bir çox ekspertlər kimi mən də düşünürəm ki, Xocalı qırğınında soyqırımının bütün əlamətləri var. Mən həm KİV-lərdə, həm də Dövlət Dumasında dəfələrlə bu barədə danışmışam. Özü də belə düşünən tək mən deyiləm. Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin müavini İrina Rodninanın sözlərini misal çəkmək istəyirəm. O deyib: “Xocalıdakı hadisələr təkcə Azərbaycan xalqının faciəsi hesab edilməməlidir, eyni zamanda Rusiyadan və başqa ölkələrdən olan insanlar tərəfindən başa düşülməlidir”. Mən Xocalıdakı hadisələrin cinayət olduğunu dünya ölkələrinin bir-birinin ardınca necə etiraf etdiklərini görürəm və bunu qanunauyğun hal hesab edirəm: ədalət gec-tez zəfər çalmalıdır. Bu faciədə günahı olanlar isə müttəhimlər kürsüsündə oturacaqlar”.

Dövlət Dumasının deputatı “çox dərəcə qəribə hadisələrlə əlaqədar“ Konstantin Zatulinə qarşılıqlı suallarla müraciət edib: “Mən “Lazarev klubu”nun bilavasitə cənab Zatulinin iştirakı ilə keçirilən iclasını nəzərdə tuturam. Ora Azərbaycanın işğal edilmiş ərazisindəki separatçı qurumdan özünü klub üzvlərinə “Qondarma Arsax respublikasının iqtisadiyyat və istehsalat infrastrukturu naziri” kimi təqdim edən bir şəxs gəlib. Mənə deyin görüm ki, belə hərəkətlər Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik funksiyasına nə dərəcədə uyğun gəlir? Bu hərəkətləri dövlətimizin Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dəfələrlə verdiyi bəyanatlarla necə əlaqələndirmək olar? Bunlar Rusiya-Ermənistan əməkdaşlığı barədə şüarlar pərdəsi altında Rusiya ilə Azərbaycan arasında nifaq salmaq cəhdləri deyilmi?”.