Xəbərlər
Gövhər Baxşəliyeva : Problemli kreditlərin həlli ilə bağlı fərman xeyli sayda vətəndaşın sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək
Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşlarımızın rifahı dayanır.
Bunu millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, bu fərman xeyli sayda vətəndaşın probleminin həllinə, sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: “Əslində problemli kreditlər banklarla vətəndaşlar arasında olan bir məsələ idi, vətəndaşlar kredit almaqla banklar qarşısında öhdəliklər götürmüşdülər. Lakin dövlətimiz vətəndaşların bu öhdəliyini öz üzərinə götürdü. Bu fərmanla cənab Prezidentimiz təkcə vətəndaşların deyil, eyni zamanda bankların da problemini həll etmiş oldu".
Deputat əlavə edib ki, bu baxımdan sözügedən fərman ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir amildir:
"Çünki problemli kreditlər səbəbindən həm bankların işi ləngiyirdi, həm də vətəndaş yenidən kredit götürüb hər hansı bir bizneslə və ya bu kimi başqa fəaliyyətlə məşğul ola bilmirdi. Lakin artıq bu problem öz həllini tapdı, həm banklar, həm də vətəndaşlar üçün yeni imkanlar açıldı. Bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, cənab Prezidentin bu fərmanı problemli kreditlər məsələsini həll etməklə yanaşı, iqtisadi inkişafa, o cümlədən sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmasına, bank sisteminin möhkəmlənməsinə səbəb olacaq”.
G.Baxşəliyeva vurğulayıb ki, bu fərman dünya ölkələri üçün də nümunəvi bir addımdır: “Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır”.