Xəbərlər
Gürcüstan Prezidenti Qaxda gürcü icması ilə görüşüb
Fevralın 28-də Qax rayonuna səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb.
Gürcüstanın dövlət başçısı ölkəmizə, o cümlədən Qax rayonuna səfərinin zəngin təəssüratlarından danışdı, səfərinin çox uğurlu olduğunu bildirdi. Azərbaycan Prezidenti ilə görüşdə çox vacib məsələlərin müzakirə olunduğunu deyən Salome Zurabişvili səmimi qarşılandıqlarını məmnunluqla vurğuladı.
O, səfərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına daha da təkan verəcəyini qeyd etdi. Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş və dost ölkə olduğunu deyən Salome Zurabişvili bildirdi ki, birgə həyata keçirilən mühüm layihələr xalqlarımızın rifahına xidmət edir.
“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyini qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğuladı.
Görüşdən sonra ali qonağa “El Resort” otelində yaradılan müasir şərait barədə məlumat verildi. Bildirildi ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində dövlət səviyyəsində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ildə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.
Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı. Zaqatala Beynəlxalq Hava Limanından Gürcüstanın dövlət başçısını rəsmi şəxslər yola saldılar.