Xəbərlər
Mariya Zaxarova: Qanlı Qarabağ münaqişəsi neçə-neçə günahsız insana ölüm və iztirablar gətirib
Dəhşətli, qanlı Qarabağ münaqişəsi neçə-neçə günahsız insanın – həm azərbaycanlıların, həm də ermənilərin həyatı və iztirabları bahasına başa gəlib. Rusiya həmişə belə hesab edib və yenə belə hesab edir ki, bu, böyük faciədir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu sözləri Moskvada keçirdiyi brifinq zamanı erməni jurnalistin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş ümumxalq yürüşündə Rusiya nümayəndə heyətinin iştirakı barədə sualına cavab olaraq söyləyib.
M. Zaxarova qeyd edib ki, Rusiya bu münaqişənin dinc yolla nizamlanması variantlarının axtarışında tərəflərə kömək göstərmək üçün qətiyyətlə çalışır. O deyib: “Biz bu məsələyə bundan sonra da regionda Rusiyanın öz siyasəti və bu istiqamətdə fəaliyyət xəttinin formalaşmasına yanaşmalar kontekstində birinci dərəcəli əhəmiyyət verəcəyik”.
RF XİN-in rəsmi nümayəndəsi erməni jurnalistinə məsləhət görüb ki, Rusiya nümayəndə heyətinin həmin yürüşdə iştirakı barədə sualı nümayəndə heyəti üzvlərinin özlərinə ünvanlasın. O deyib: “Xarici İşlər Nazirliyi bu tədbirin həmtəsisçisi və həmtəşkilatçısı deyil”.