YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Azərbaycan Prezidenti: Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq

Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə söyləyib.

Prezident vurğulayıb ki, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

“Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.

DİGƏR xəbərlər Arxiv