Xəbərlər
XİN: Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar
Ermənistanda həbs olunan siyasi partiya rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra vəfat edib. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səs-küy qaldıran insan hüquqları carçıları, indiki halda nədənsə biganə qalırlar. Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bununla bağlı bildirib:
-Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cinayət cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, “Erməni qartallar – vahid Ermənistan” siyasi partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım ərzində keçirdiyi aclıq aksiyasından sonra yanvarın 26-da vəfat edib. Bir müddət öncə Mehman Hüseynov aclıq aksiyasını dayandırdığı halda əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanda Yegiazaryanın aclıq akasiyası nəticəsində ölümü ilə bağlı susurlar. Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?
Bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olub. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar.