YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibə verib. Səfir Xəzərdə turizmin inkişaf perspektivləri barədə danışıb, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət, Avropa İttifaqı və NATO ilə əlaqələr, habelə Rusiya ilə dialoqu inkişaf etdirmək imkanları barədə suallara cavab verib.

Səfir qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər ilk növbədə dərin tarixi və mədəni əlaqələrə əsaslanır. Bu gün iki ölkə arasında münasibətləri strateji münasibətlər kimi səciyyələndirmək olar. Ölkələrimizin qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığı Azərbaycan və Rusiya xalqlarının əsas mənafelərinə uyğundur.

Hər iki dövlət qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrinə dair dialoqu daim dərinləşdirməyə və genişləndirməyə çalışır. Bu, ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən irəli gəlir. P. Bülbüloğlu deyib: “İnamla qeyd etmək olar ki, dövlətlərimizin liderləri İlham Heydər oğlu Əliyev və Vladimir Vladimiroviç Putin arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlər hərtərəfli əməkdaşlıq üçün əlverişli zəmin yaradır, hər hansı mürəkkəb məsələlərin həllinə kömək edir. Ölkələrimizin münasibətlərində həlli çətin olan hər hansı ciddi mürəkkəb məsələ yoxdur”.

Səfirin sözlərinə görə, dövlət başçılarının daimi xarakter daşıyan qarşılıqlı rəsmi və işgüzar səfərləri həmişə aktualdır və ikitərəfli gündəliyə müvafiq şəkildə həyata keçirilir.

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya barədə söhbət açan səfir qeyd edib ki, dənizdə birbaşa çıxış xətlərinin müəyyən edilməsi metodikasına dair ayrıca saziş hazırlanmasına, habelə Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci sammiti çərçivəsində əldə edilmiş yüksək səviyyəli razılaşmaların reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsinə başlamaq nəzərdə tutulur.

P. Bülbüloğlu bütün Xəzəryanı dövlətlər arasında viza və miqrasiya rejimlərinin sadələşdirilməsi məsələsinə baxmağın vacibliyini də qeyd edib.

Dağlıq Qarabağ münaqişəsi barədə sualın cavabında diplomat həmin münaqişənin ədalətli həlli üçün bu il real addımlar atılacağına ümidvar olduğunu bildirib. O deyib: “Azərbaycan tərəfi ümid edir ki, bizim regionda ən iri və güclü ölkə olan Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin beynəlxalq hüquqi həllini tapmaq üçün həqiqətən maksimum səy göstərəcək”.

P. Bülbüloğlu NATO ilə hərtərəfli əməkdaşlığa dair saziş barədə Avropa İttifaqı ilə danışıqlar mövzusuna da toxunub. Səfir qeyd edib ki, AVRO-Atlantika strukturları ilə Azərbaycanın mövcud əməkdaşlıq formatları çərçivəsində qarşılıqlı əlaqələri strateji dialoq və qarşılıqlı etimad üçün əlverişli platforma yaradır.