YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini, general-leytenant Kərim Vəliyev tədbirdə çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Orduda islahatların davam etdirildiyini vurğulayıb. Bildirib ki, son illərdə bu istiqamətdə aparılan uğurlu işlərdən biri də bölüklərdə və əlahiddə bölmələrdə şəxsi heyətlə iş üzrə müavin vəzifələrinin bərpa olunmasıdır. O, bu addımın şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində qısa müddətdə müsbət nəticə verdiyini xüsusi qeyd edib.

Nazir müavini şəxsi heyətlə iş üzrə bölmələrin Müdafiə Nazirliyinin strukturunda mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu məsələyə ciddi diqqət yetirildiyini, eyni zamanda, Ali Baş Komandanın və müdafiə nazirinin vəzifəli şəxslər qarşısında qoyduğu mühüm tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.

Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və 2019-cu tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məlahət Muradova, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov, “Aspera” Psixoloji Yardım Mərkəzinin əməkdaşı Rafiq Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Əli Nağıyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxışlarında ordunun döyüş qabiliyyətinə müsbət təsir edən mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Toplanışın yekununda 2018-ci tədris ili ərzində xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında əmr oxunub və 2019-cu ildə mənəvi-psixoloji hazırlığın təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

 

DİGƏR Xəbərlər Arxiv