YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Azərbaycan Ticarət Evi”nin açılmasının əhəmiyyətini şərh edən BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri bildirib: “Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi”nin açılması əlamətdar hadisədir və ziyarətçilər üçün bütün fəaliyyət növlərinin bir məkanda birləşdirilməsi əla konsepsiyadır”.

Nazir qeyd edib ki, Ticarət evi ideyası BƏƏ üçün yenilik sayılır. O deyib: “Azərbaycanın müxtəlif hissələrini bir məkanda cəmləşdirmək çox uğurlu konsepsiyadır. Hesab edirəm ki, bu, BƏƏ sakinlərinin görmək istədikləri bir yerdir”. Əl-Mənsurinin sözlərinə görə, onun ölkəsinin vətəndaşlarının Azərbaycana marağı getdikcə artır: son beş ildə turizm, biznes sahələrində tərəfdaşlıq yaradılmasına, həmçinin Azərbaycana sərmayə qoyulmasına maraq güclənib. “Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz daha sıx əməkdaşlığın və dövlətlərimiz arasında əlaqələrin güclənməsinin şahidi olacağıq”, -deyə BƏƏ-nin iqtisadiyyat naziri vurğulayıb.

Bundan əvvəl, Ticarət evinin açılış mərasimində nazir bəyan edib ki, Dubayda “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin və işgüzar münasibətlərin inkişafı yolunda atılan mühüm addımdır. Əl-Mənsuri diqqətə çatdırıb ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi sahəsində bir çox uğurlar əldə olunub. “Bu gün biz Azərbaycanın BƏƏ ərazisində bir hissəsi olan yeni Ticarət evinin şahidi oluruq. Azərbaycana etdiyimiz ilk səfərdən başlayaraq xalqlarımız arasında münasibətləri bütün dərinliyini ilə hiss edirik. Azərbaycanın inkişafı istiqamətində son 15 ildə əldə edilən nailiyyətlər bizi daha çox sevindirir”, -deyə BƏƏ-nin iqtisadiyyat naziri əlavə edib.

Əl-Mənsuri xüsusi olaraq qeyd edib ki, BƏƏ ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir və ikitərəfli əlaqələrin mühüm amili olan əmtəə dövriyyəsi durmadan artır. Onun sözlərinə görə, Azərbaycanın təkcə BƏƏ-yə deyil, digər Fars körfəzi ölkələrinə ixrac edilə biləcək çoxlu məhsulları var. Nazir vurğulayıb: “Bu gün bizim ölkənin bir çox mağazalarında Azərbaycan istehsalı olan mallara rast gəlmək olar. Bununla yanaşı, Azərbaycanda digər Körfəz ölkələri bazarlarına çıxarıla biləcək çoxlu yerli məhsullar mövcuddur”.

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycanla BƏƏ arasında ikitərəfli iqtisadi komissiyanın uğurlu fəaliyyətini xatırladıb. “Bizim də Azərbaycanla BƏƏ arasında bir çox sahələrdə, o cümlədən birgə istehsal, bərpaolunan energetika, sənayedə əməkdaşlığı inkişafına dair dəqiq planlarımız var. Biz, həmçinin birgə kiçik və orta biznes layihələrinin həyata keçirilməsində maraqlıyıq”, -deyə BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri sözlərinə yekun vurub.