Xəbərlər
Tahir Mirkişili: Ötən il ərzində Azərbaycan iqtisadiyyatında makrosabitlik hökm sürüb
“Ötən il ərzində Azərbaycan iqtisadiyyatında makrosabitlik hökm sürüb. İnflyasiya cəmi 2 faizdən bir az çox olub ki, o da əslində, ölkə iqtisadiyyatında dayanıqlı iqtisadi inkişafın təmin olunması mərhələsinə qədəm qoyulması anlamına gəlir. Ötən dövr ərzində ölkədə yeni iş yerləri açılıb, yeni-yeni müəssisələr fəaliyyətə başlayıb. Azərbaycan həm daxildə, həm də beynəlxalq layihələrdə qarşıya qoyduğu hədəflərə nail olub”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Tahir Mirkişili bildirib ki, 2018-ci ilin ən böyük hadisəsi aprel ayında cənab İlham Əliyevin ölkə əhalisinin mütləq əksəriyyətinin etimadı ilə Azərbaycana yenidən Prezident seçilməsidir. Çünki Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi islahatların müəllifi və təminatçısı cənab İlham Əliyevdir. Məhz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində 2018-ci ildə iqtisadi inkişaf təmin olunmuş, onun sürəti getdikcə artmışdır.
“2018-ci ildə Azərbaycanda iqtisadi sahədə artım müşahidə olunub. İqtisadiyyatda ümumi daxili məhsul 1 faizə yaxın artıb, qeyri-neft sektoru 1,3 faiz, qeyri-neft sənayesi 9 faiz, əhalinin gəlirləri 9 faizdən çox artıb. Bütövlükdə bu artımlar ölkəmizdə xarici ticarət əlaqələrində də öz əksini tapıb. Azərbaycanda ötən dövr ərzində ixrac təxminən 40 faizə qədər, qeyri-neft ixracı 10 faizdən çox artıb, bütövlükdə xarici ticarətin həcmi yüksəlib.
Millət vəkili ötən il iqtisadi islahatların həyata keçirilməsi və müsbət nəticələrin 2019-cu ildə Azərbaycan iqtisadiyyatında daha dinamik artım üçün geniş imkanlar yaratdığını söyləyib. “2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, qeyri-neft sektorunun 3,9 faiz artması planlaşdırılır. 2019-cu ilin büdcəsi 2018-ci ilə nisbətən daha çoxdur. Bu həm gəlirlərdə, həm xərclərdə özünü göstərir. Bu il orta əməkhaqqı və pensiya təminatının, bütövlükdə ölkəmizin həm valyuta gəlirlərinin, həm daxili istehsalın, icraçın həcminin artması planlaşdırılır. Bütün bunlar Azərbaycan iqtisadiyyatına 2019-cu ildə daha dinamik artım vəd edir. Bununla yanaşı, bir çox layihələrin həyata keçirilməsi, həm qeyri-neft, həm neft sektorunda yeni-yeni müəssisələrin yaradılması ölkədə ümumi istehsal həcminin artmasına gətirib çıxaracaq ki, bu da 2019-cu ildə hər bir Azərbaycan vətəndaşının maddi-rifah halında hiss olunacaq”-deyə, T.Mirkişili vurğulayıb.