Xəbərlər
Elman Məmmədov: Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm amildir
“Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox ciddi diplomatik və hərbi üstünlüklərə sahib oldu. Bu, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi və prinsipial siyasətinin nəticəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, bunun nəticəsində ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik cəbhədə Ermənistana qalib gəlir, işğalçı ölkə artıq dalana dirənib. Onun sözlərinə görə, bu gün Ermənistan dünyanı öz yalanlarına inandıra bilmir. Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır.
“Azərbaycanın konkret və birmənalı mövqeyi budur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır. Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm amildir”-deyə, E.Məmmədov vurğulayıb.