Xəbərlər
Tahir Rzayev: Azərbaycan son illər ərzində öz hərbi qüdrətini əhmiyyətli dərəcədə artırıb
“Azərbaycan son illər ərzində öz hərbi qüdrətini əhmiyyətli dərəcədə artırıb”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdirdi.
“Əlbəttə, Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artıracaq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirləri davam etdirəcək. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir, danışıqlarda iştirak edərək bu mövqeyini əyani şəkildə ortaya qoyur. Amma münaqişənin həlli üçün hərbi amil mühüm rola malikdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq “Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”,-deyə diqqətə çatdırdı. İnanırıq ki, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”-deyə, T.Rzayev qeyd edib.