Xəbərlər
Mixail Neyjmakov: 2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənib
2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənib.
Bu fikri rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov bildirib. O deyib: “Əvvəla, rəsmi Moskva və Bakı daha genişmiqyaslı qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar. Bu qarşılıqlı əməkdaşlığa postsovet məkanının digər oyunçuları da qoşulub. Burada Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etmək lazımdır. Bu mövzu həm Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə 2018-ci ilin sentyabrında Soçidəki danışıqları zamanı, həm də digər tədbirlərdə, o cümlədən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 17-ci iclasında müzakirə olunub”.
Analitik bildirib ki, Rusiyanın Xəzərə olan marağı birgə layihələrin həyata keçirilməsi və iki ölkənin mövqelərinin əlaqələndirilməsi üçün əlavə səbəbdir. Burada həm iqtisadi, həm də təhlükəsizlik məsələləri ilə bağlı əhəmiyyətli komponent mövcuddur. Məsələn, Rusiya Prezidentinin keçən ilin sentyabrında Azərbaycana səfərindən əvvəl iki ölkənin sahil mühafizəsinin Xəzərdə birgə təlimləri baş tutdu. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant Aleksey Buyerovun rəhbərliyi ilə “Brilliant” sərhəd gözətçi gəmisi isə Bakı limanına dostluq səfəri edib.
Mixail Neyjmakov Rusiya-Azərbaycan əlaqələrinin regionlar səviyyəsində də inkişaf etdiyini bildirərək deyib: “Təsadüfi deyil ki, Prezident Vladimir Putinin 2018-ci ilin sentyabrında Bakıya səfəri onun Rusiya-Azərbaycan Regionlararası Forumunda iştiraki ilə bağlı idi. Bu tədbirə Rusiya Federasiyasının Şimali Qafqaz və ya cənub federal rayonlarına daxil olan subyektlərinin başçıları böyük maraq göstəriblər. Forumda Novqorod vilayətinin başçısı Andrey Nikitin də iştirak edib. O, 2017-ci ilin dekabrında Rusiya Federasiyasının Dövlət Şurasının iclasında regionların investisiya cəlbediciliyinin artırılması barədə əsas məruzəçi olub. Həmçinin Həştərxan vilayətinin nümayəndə heyətinin 2018-ci ilin dekabrında Azərbaycana səfərini də xüsusi qeyd etmək olar.
Moskvanın Xəzər regionunun inkişafına olan marağı ildən-ilə artır. 2017-ci ilin noyabrında təsdiqlənmiş 2030-cu ilə qədər Xəzər hövzəsində limanların inkişaf strategiyasını yada salaq. Bu amilin önəmi Rusiya və Azərbaycan dialoqu üçün gələcəkdə arta bilər.