Xəbərlər
Mehman İsmayılov: Ümummilli liderimizin azərbaycançılıq ideologiyası dəyərlərimizin qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir
“Azərbaycanda milli ruhun yüksəlməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli liderimizin azərbaycançılıq ideologiyası dəyərlərimizin qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
M.İsmayılov bildirib ki, əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır.
“Eyni zamanda, ölkəmizdə dini sahədə heç bir problem yoxdur. Cəmiyyətimizin ən üstün cəhətlərindən biri Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə yaşamaları, xüsusilə sünni və şiələrin bir yerdə vəhdət namazı qılmalarıdır. Vəhdət namazının Ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidində icra olunması xüsusi əlamətdir. Çünki Ulu öndər Azərbaycanda multikulturalizmin siyasi əsaslarının banisi və dövlət-din münasibətlərini və dinlərarası harmoniyanı ən yüksək səviyyəyə çatdıran tarixi şəxsiyyətdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-deyə, M.İsmayılov qeyd edib.