YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur

“Parlament seçkilərinədək baş verən proseslər beynəlxalq təşkilatları, xüsusilə monitorinq missiyası ilə məşğul olan beynəlxalq qurumları Ermənistanın üzərinə fokuslandırdı”. Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu  bildirib ki, Avropa İttifaqının Ermənistandakı səfirliyi, Avropa Şurasının Venesiya Komissiyası Ermənistan Konstitusiyasının seçki üçün problem yaratdığını dəfələrlə bəyan ediblər: “Problemli Seçki Məcəlləsi dəyişdirilə bilmədi. Belə konstitusiya və Seçki Məcəlləsi ilə Paşinyan komandası seçkiyə daxil oldu. ATƏT/DTİHB-in müşahidə missiyası Ermənistanda növbədənkənar seçkilərin gedişi ilə bağlı aralıq hesabatını yaydı. Aralıq hesabat kifayət qədər obyektiv idi və obyektiv olduğu üçün də təbii ki, neqativ olmalı idi. 

Səsverməyə bir gün qalmış Ermənistanda News.am saytının redaksiyasına hücum oldu. Mətbuata seçki dövründə belə təzyiqlər çox olmuşdu. Son anda hansısa qüvvənin təsiri altında ATƏT/DTİHB-in Ermənistanda növbədənkənar parlament seçkilərinə verdiyi rəy monitorinq missiyasının bütün dövründə  gəldiyi nəticə ilə deyil, məhz səsvermə günü qısamüddətli müşahidəçilərin nəticələri əsasında müəyyənləşdi. ABŞ Dövlət Departamenti Gürcüstan və Ermənistandakı seçkilərin müqayisəli təhlili ilə bağlı məlumat yaydı. Məlumatda Ermənistan az qala demokratiya mayakı elan edildi. Bu məlumatdan Ermənistanda “seçkinin demokratikliyinin” müəllifinin ABŞ Dövlət Departamentinin olduğu bəllənir”.

Politoloq qeyd edib ki, kimsə Ermənistanla bağlı əvvəlki ənənəni davam etdirməkdə maraqlıdır: “Ona görə ATƏT/DTİHB-in aralıq hesabatının obyektiv olmasına baxmayaraq onlar sonda ATƏT/DTİHB-i öz maraqlarına cavab verən siyasiləşmiş rəy yazmağa vadar etdilər. Faktiki Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur. Dağlıq Qarabağ məsələsini Qərbə tərəf çevirməklə Qərbdən nəsə bir maliyyə və geosiyasi divident əldə etmək istəyir. Eləcə də Rusiyaya tərəf çevrilməklə Rusiyadan əldə etmək istəyir. Yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra həqiqi Ermənistan üzə çıxa bilər”.

M. Əhmədoğlu əlavə edib ki, başqa halda Ermənistanın Qərbə və yaxud Rusiyaya vəd verməsi manipulyasiyadan başqa bir şey deyil: “Hər halda indiki dövrdə Qərbin Ermənistanın yalanlarına inanması bizdə yalnız təəssüf doğurur. Çünki Merkelin regiona səfərindən sonra Cənubi Qafqazda regional inteqrasiya istiqamətində düzgün konsepsiyanın fəaliyyətə başlayacağına inam yaranmışdı. Amma ATƏT müşahidəçilərinə belə göstəriş verən Qərb mərkəzləri bu inamı öldürdü”.