Xəbərlər
Səyyad Kərim: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin Avropa Parlamentində qeyd edilməsi önəmli hadisədir
Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı tədbirdə iştirak etməkdən böyük məmnunluq duydum. Avropalı deputatların burada iştirakı Azərbaycanla münasibətlərin yüksək səviyyəsini əks etdirir. Bu, önəmli hadisədir.
Bu fikri Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Səyyad Kərim söyləyib.
O bildirib ki, Strasburqda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi Avropa Parlamenti ilə Milli Məclis arasındakı əməkdaşlığın, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafının göstəricisidir.
Səyyad Kərim qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəzi qüvvələrin olmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik addımları sayəsində ikitərəfli münasibətlərimiz möhkəmləndi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd edirik.