Xəbərlər
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
ABŞ-ın paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Anım mərasimində yerli ictimaiyyətin nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin əməkdaşları iştirak ediblər.
Ölkəmizin ABŞ-dakı səfirliyində təşkil olunmuş tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında əvəzedilməz rolundan və misilsiz xidmətlərindən söhbət açıb. O, Azərbaycan dövlətçiliyinin çətin vəziyyətində xalqın dəvəti ilə Ümummilli Liderin hakimiyyətə qayıtdığınmı, şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi dərin böhranlı vəziyyətdən çıxararaq inkişaf yoluna gətirdiyini xatırladıb.
Ümummilli Liderin diplomatik sahədə çoxsaylı uğurlarından danışan səfir Heydər Əliyevin şəxsiyyətinin çapı və müdrikliyi sayəsində Azərbaycan liderinin digər dünya liderləri ilə bərabər səviyyəli tərəf müqabilləri kimi işbirliyi gördüyünü və bunun da ölkəmizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə səbəb olduğunu bildirib. Bunun sayəsində Azərbaycanın uğurlu enerji və nəqliyyat sahələrində strategiyalarının əsasının qoyulduğu da diqqətə çatdırılıb. Bu yaxınlarda ABŞ-ın 41-ci prezidenti Corc Herbert Buşun da vəfat etdiyini xatırladan səfir Heydər Əliyevin C.Buşla 2000-ci ildəki görüşü barədə şəxsi təəssüratlarını da bölüşüb.
Daha sonra çıxış edən Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina ümummilli lider Heydər Əliyevlə ilk tanışlığının 1994-cü ildə Qahirə şəhərində, ABŞ-ın vitse-prezidenti Albert Qorla görüşünə təsadüf etdiyini, elə ilk tanışlıqdan Ulu Öndərin dahi şəxsiyyət və böyük dövlət xadimi olduğunu anladığını söyləyib. H.Azərsina sonrakı illərdə Ümummilli Liderin Vaşinqtonda ABŞ Prezidenti Bill Klinton və digər dövlət rəsmiləri ilə görüşlərində iştirak etdiyini, həmin görüşlərdə Heydər Əliyevin Azərbaycan maraqları üçün nə qədər fədakarlıq göstərdiyinin şahidi olduğunu bildirib.
Həmçinin anım günü çərçivəsində səfirlik tərəfindən ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Bu münasibətlə təşkil edilmiş mərasimdə Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smit Azərbaycanın ABŞ-dakı səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül çələngi qoyub.
Keçirilmiş görüş zamanı Merilend Qida Bankının prezidenti K.Qersio xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı ölkəmizin Merilend Qida Bankına yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylanılır. Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn Milad və Yeni il bayramları ərəfəsində ehtiyacı olan minlərlə insan yeməklə təmin olunacaq.
Bundan başqa, Vaşinqtondakı İslam Mərkəzində yüzlərlə möminin iştirak etdiyi cümə namazından sonra ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.